13 Kasım 2019 Çarşamba

ƏHLİ-SÜNNƏNİN MƏNASI (Qurani Kərim və Hədislər)

Əhli-sünnə müsəlmanların böyük bir hissəsinə deyilir. Onlar təqribən müsəlmanların dörddə üçünü təmsil edirlər. Ümumiyyətlə, əhli-sünnə dörd imama, yəni Əbu Hənifə, Malik, Şafei və Əhməd Hənbəliyə itaət edirlər və dörd yerə bölünürlər. Bu böyük qrupdan kiçik bir hissə ayrılır. Onların fikirlərini İbni Teymiyyə

yaratmışdır. Bu qrupun adı “Sələfiyyə”, onun yaradıcısı isə “sünnəni təzələyən” adı almışdır. Bundan sonra Mühəmməd ibni Əbdül-Vəhhabın rəhbərliyi əsasında vəhhabi adı ilə məşhur olmuşdur. Hal-hazırda Ərəbistanda rəsmi məzhəbdir.

Bu qrupların hər biri özünü əhli-sünnə adlandırır. Bəzən daha bir kəlmə artıraraq “əhli-sünnət və camaat” da deyirlər.

Tarixi bəhslərin araşdırılmasında məlum olacaq ki, “xüləfai raşidin”ə, yəni Əbu Bəkr, Ömər, Osman və Əli (ə)-a (1) etiqadı olub, onların hamısına eyni dərəcədə baxan hər bir kəs (istər keçmişdə olanlar, ya hal-hazırda) sünnü, ya əhli-sünnə və camaat adlanır.

Xilafəti bu ardıcıllıqla qəbul etməyib Peyğəmbərin Əli (ə)-ı öz yerinə canişin qoyduğuna etiqad bəsləyən hər bir kəsi “Rafizi” adlandırırlar.

1 Qeyd etmək lazımdır ki, müəyyən vaxtlara qədər Əhli-sünnət Əli (ə)-ı raşidin xəlifələrindən saymırdılar (təqribən hicrətin 230-cu ilinə qədər). Gələcək bəhslərdə bu barədə daha geniş bəhs edəcəyik.

Gələcək bəhslərdə bir daha aydın olacaqdır ki, bütün başçılar Əbu Bəkrdən tutmuş, Bəni Abbasın axırıncı xəlifəsinə qədər sünnülərdən həmişə razı olmuş, Əli (ə)-ın xilafətini qəbul edib onunla və ondan sonra onun övladları ilə beyət edən şiələrə düşmən kəsilərək daim onlardan intiqam almışlar.
Beləliklə, Əli (ə) və onun ardıcılları “əhli-sünnə və camaat”dan sayılmırlar. Elə bil ki, bu söz – “əhli-sünnə və camaat” – Əli (ə) və onun şiələri ilə üzbəüz durmaq üçün yaradılmışdır. Mənim fikrimcə, İslam ümmətinin Peyğəmbər (s)-dən sonra parçalanmasına (şiə və sünnüyə) əsas səbəb elə bu olmuşdur.

Həqiqi tarixi mənbələr arasında dəqiq axtarış aparsaq görərik ki, bu parçalanmanın əsası İislam Peyğəmbəri (s)-nin dünyadan getdiyi ilk günlərə qayıdır. Peyğəmbər (s) dünyadan getdiyi vaxt Əbu Bəkr xilafəti əlinə alır və bir çox səhabələr onunla beyət edirlər. Yalnız Həzrət Əli (ə), Bəni Haşimin çoxusu və nökər və qul olan kiçik bir qrup beyət etməkdən boyun qaçırırlar.
Məlumdur ki, belə olan halda hakim öz qüdrətindən istifadə edərək onları “qiyamçı” adlandırıb müsəlmanlardan ayıraraq iqtisadi, siyasi və ictimai təzyiqlərə məruz qoydu.

Sözsüz, “əhli-sünnə və camaat” o günün siyasi hadisələrini dəqiq bilmirlər, Peyğəmbər (s)-dən sonra İslamın ən böyük şəxsiyyətinin necə düşmənçiliklə kənara qoyulmasından xəbərləri yoxdur. Əhli-sünnə və camaat bu fikirdədirlər ki, baş vermiş hadisələr Peyğəmbər (s) həyatdan getdikdən sonra yerində həyata keçmiş, hər şey Quran və sünnətlə uyğun olmuşdur. Onların fikrincə, “Xüləfai-raşidin” mələklər tək pak olmuşlar. Bir-birinə ehtiram etmiş və aralarında heç bir düşmənçilik və anlaşılmazlıq olmamışdır!!!

Bu, səbəb olmuşdur ki, şiələrin xəlifələr, məxsusən raşidin xəlifələri haqqında dediyini qəbul etməsinlər. Elə bil ki, əhli-sünnə və camaat heç vaxt tarix oxumamış, yalnız səhabə və raşidin xəlifələri haqqında dildən-dilə yetişən rəvayətlərlə kifayətlənmişlər. Əgər onlar göz və qəlblərini həqiqətə qarşı açıb tarix və hədis kitablarını vərəqləyərək haqq sözün ardınca gəzsəydilər, yəqin ki, düz saydıqları bir çox hökm və fətvalarda dəyişiklik edərdilər.

Mən öz kiçik zəhmətimlə əhli-sünnə və camaatdan olan qardaşlarıma tarix kitablarında olan bəzi həqiqətləri çatdırmaq istəyirəm. Çox qısa və eyni halda dəqiq mətnlər – inşaallah – gətirərək haqqı aşkar edib batili aradan aparacağıq. Bəlkə bu yol müsəlmanlar arasında olan ayrılığa bir çarə qılaraq onların birləşməsində faydalı olsun.

Mənim bildiyimə görə, əhli-sünnə və camaat o qədər də təəssübkeş deyildir. Əli (ə) və onun ailəsi ilə düşmənçilik etməməklə yanaşı, onları sevib hörmət bəsləyirlər. Amma buna baxmayaraq Əhli-beyt düşmənlərini də sevib hörmət edirlər. Onlara iqtida edib deyirlər: Hamısını Allahın Peyğəmbərindən öyrənmişlər!

Əhli-sünnət və camaat iki mühüm əslə əməl etmirlər: Biri “Allahın dostlarını dost tutmaq”, digəri isə “Allahın düşmənlərini düşmən tutmaq” məsələsidir. Həzrət Əli (ə) üçün Allahdan behişt və rəhmət istədikləri halda Müaviyə üçün də Allahdan rəhmət və behişt diləyirlər!!!

Onlar gözəl və qəşəng səslənən əhli-sünnə və camaat kəlməsinə aldanıb onun daxilindən xəbərsizdirlər. Onlar bilmirlər ki, ərəb siyasətçiləri bu adı hansı proqramlar əsasında təbliğ edirlər.
Əgər bir gün həqiqətə əl tapıb Əli ibn Əbi Talib (ə)-ın Peyğəmbər sünnəsinin mücəssəməsi və onun elminin qapısı olduğunu dərk edərək hər şeydə onunla müxalifətçilik etdiklərini başa düşsələr, bu günkü rəftarlarından əl çəkib daha diqqətlə bu məsələni araşdırarlar. Nəticədə başa düşərlər ki, həqiqi “əhli-sünnə” Əli (ə) və Peyğəmbər yolunu gedən şiələrdir.

Beləliklə, bizə vacibdir ki, bu böyük fitnəni – ki, Peyğəmbər sünnəsinin kənarda qalmasına əsas amil sayılır – aşkar edib həqiqəti üzə çıxaraq. Bu fitnə Peyğəmbər (s) sünnəsini cahiliyyət bidətlərinə çevirib müsəlmanların özlərini itirərək dindən çıxmalarına və ixtilaflarına səbəb olmuşdur. Müsəlmanlar bu fitnə nəticəsində bir-birlərini “kafir” adlandıraraq öz aralarında daxili müharibələr etmiş,elm və texnikada digərlərindən geridə qalmışlar. İş o yerə çatmışdır ki, torpaqları işğal, özləri düşmən qarşısında zəlil və xar olmuşlar. Başqa millətlər arasında hörmətdən düşmələri də həmin fitnənin nəticəsidir.

Şiə və sünnü barəsində olan qısa mənadan sonra bilməliyik ki, şiə heç də Peyğəmbər (s)-in sünnəsi ilə müxalifətçilik etmək deyildir. Şiələr yalnız özlərinin Peyğəmbərin həqiqi sünnəsinə bağlı olduqlarını bildirirlər. Çünki onu əsli yolu və həqiqi qapısı ilə, yəni Həzrət Əli ibni Əbi Talib (ə)-la ələ gətirmişlər. Onların əqidəsinə görə, Peyğəmbər (s)-ə yetişmək üçün Əli (ə)-dan başqa bir qapı yoxdur.

Həqiqətə çatmaq üçün həmişə bitərəf olduğumuz üçün əziz oxucumuzu qədəm-qədəm irəli aparıb onunla birlikdə tarixin bəzi hadisələrini açıqlayacağıq. Dəlil və sübutla şiələrin əsl sünnəyə əməl etmələrini sübuta yetirəcəyik. (Kitabımız da elə məhz bu cür adlanır.) Son qərar qəbul etməyi isə əziz oxucuların ixtiyarında qoyacağıq.

Hiç yorum yok:

Yorum Gönder